”50 milyonluq Azərbaycanın dəstəyi daima yanınızdadır”
”Möhtərəm Prezident, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandanı, Azərbaycan Respublikasının, müstəqilliyini bərpa etdiyi yaxın 30 il kimi qısa bir müddətdə qət etdiyi böyük inkişaf yolu, Azərbaycan dostlarının köksünü qabartdığı qədər, düşmənlərini də təşvişə salıb. Bu, şübhəsiz ki, Sizin qətiyyətli rəhbərliyinizdə aparılan ardıcıl və uzaqgörən siyasi kursun, çoxyönlü inkişaf strategiyasının böyük uğurudur.
44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyiniz yüksək dirayət və böyük sərkərdəlik örnəyi güneyli-quzeyli hər bir azərbaycanlının qürur qaynağıdır.
Türk dünyasının inteqrasiya və vahid ümummilli amal uğrunda birləşməsi prosesində, Türk Dövlətləri Birliyi Təşkilatının yaradılmasında üzərinizə götürdüyünüz tarixi məsuliyyət, eyni zamanda, bu qutsal yolda, sadəcə Azərbaycan Respublikası vətəndaşlarının deyil, 50 milyonluq dünya azərbaycanlılarının lideri və təmsilçisi olaraq uğurla irəliləməniz güney azərbaycanlıların Azərbaycan Dövlətinə və Şəxsinizə olan inam və etimadını daha da yüksəldib.
Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikasının öz sərhədləri daxilində suveren hüquqlarını tamamən bərpa etməsi, şərtlər nə olursa-olsun, müstəqil daxili və xarici siyasət kursundan geri addım atmaması, çağdaş, bəşəri dəyərlərin üstün tutulduğu, beynəlxalq hüquq normalarının əsas götürüldüyü bir xarici siyasət kursunun həyata keçirilməsi dünyanın mütərəqqi dövlətləri nəzdində dövlətimizin sayqınlığını artırmışdır. Özəlliklə, dünya dövlətləri arasında heç bir etibarı olmayan İran terror dövlətinin həddini aşan təhdidlərinə qarşı prinsipial milli-siyasi mövqeyiniz mütərəqqi dünya ictimaiyyəti ilə yanaşı, güney azərbaycanlıların da böyük təqdirini qazanmışdır.
Cənab Prezident!
Sizin yüksək tribunalardan səsləndirdiyiniz və Güney Azərbaycana verdiyiniz mənəvi dəstək dünya azərbaycanlıları tərəfindən milli, siyasi və tarixi yol xəritəsi olaraq qəbul edilir. Biz Güney Azərbaycan Milli Dövlətçilik Şurası olaraq inanırıq ki, ümummilli dövlətçilik maraqlarımızın təminatı olan bu dəstək Güney Azərbaycanda milli dövlətçilik uğrunda aparılan milli-mədəni mübarizəni öz hədəfinə çatdıracaq. Əmin ola bilərsiniz ki, müstəqil, güclü və böyük Azərbaycan yolunda 50 milyonluq Azərbaycanın dəstəyi daima yanınızdadır”.
Güney Azerbaycan Milli Dövletçilik Şurası