GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Güney Azərbaycan İstiqlal Partiyasının Əsasnaməsi-

esas nameGiriş

Bugünkü iran adını daşıyan ölkə qədim zamanlardan türklərin yaşayış məskəni və mədəniyyət ocağı olmuşdur. “Ariayi” dillilər bu yerlərə gəlməzdən əvvəl şümerlərdən başlamış ilam, qutti, arattu və b. türk boyları bu yerlərin sakini və sahibi olmuşlar. Bu gün Azərbaycan türklərinin bir qismi son min ildə bura gəlsələr də, amma əsas hissəsi Sümer türklərinin təbii varisləridir.
Minilliklərdən bəri öz qanları hesabına qoruyub saxladıqları torpagı öz əli və əməyi ilə abadlaşdıran türklər, bu gün tarixi torpaqlarında mühacir və biganə adı ilə basqı altındadırlar. Türklərdən neçə min il sonra (İlam dövrü) bu torpaqlara mühacir kimi gəlmiş, uydurma tarix və yalan iddialarla özlərini bu yerlərin sahibi adlandıran fars şovinistləri indi həmin torpagın varisləri olan türkləri mühacir və mütəcavüz adlandırırlar.

Tarixçilər tərəfindən Az Ər-lərin (Az qəhrəmanı) türk millətinə mənsub olduqları sübut olduğu halda uzun tarixi əsrlərin həqiqətlərini ört-basdır edən və azərbaycan türklərinə saxta kimlik düzəldən fars şovinistləri Az Ər sözünə mənsubiyyət işarəsi kimi “i” ( azəri) əlavə etməklə azərbaycan turklərinin milli mənsubiyyəti saxtalaşdırır və onun dilinin Pəhləvi dilinə aid olduğu iddia edirlər.

Fars şovinistləri öz iddialarını “Çingiz xan azərbaycanlıların dilini dəyişdirdi”, “Şah İsmayıl Səfəvi azərbaycanlıları türk edib” və yaxud “Osmanlı imperatorluğu Təbrizi işğal etmiş və iki həftə ərzində azərbaycanlıların dilini dəyişdirərək türkcə etmişdir” kimi əsassız ifadələrlə sübut etməyə çalışırlar.

Şuubiyyə dövründən türk və ərəblərin əleyhinə aparılan mənfi təbliğat və farslaşdırma siyasətini pəhləvilər daha sistemli və kəskin formada davam etdirmişlər. Həmin dövrdən qeyri - fars millətlər və xüsusilə çoxunluğu təşkil edən türklər daha açıq şəkildə təhqir və təzyiqlərə məruz qalıblar. Güclü əritmə (assimiliyasiya) siyasəti tətbiq olunmaqla məktəb, ordu, idarə, məhkəmə və bütün rəsmi dövlət qurumlarında türk dilinə qadağa qoyulub, Azərbaycanın tarixi ərazisi parçalanmaya məruz qalaraq şəhər, kənd, dag, çay və digər tarixi yerlərin adları farslaşdırılaraq dəyişdirilib, türk adları, türk ədəbiyyatı və musiqisi yasaqlanıb. Bu siyasət hələ də davam etməkdədir.

Fars şovinistlərinin iran ərazi bütövlüyü adı altında apardıqları assimiliyasiya siyasəti, qeyri-fars millətlərinə qarşı tətbiq olunan zorakılıq və hərbi guc bu millətləri məcburən kölə durumuna salmaq məqsədi daşıyır. Şovinistlər tərəfindən aparılan köləlik siyasətinə birdəfəlik və həmişəlik son qoyulması yalnız bu millətlərin istiqlalıilə gərçəkləşə bilər. Bütün bu zərurətdən irəli gələrək təsis edilən Guney Azərbaycan İstiqlal Partiyası (GAİP) Güney Azərbaycanda bağımsız və demokratik dövlətin - Güney Azərbaycan Cumhuriyyətinin yaradılması uğrunda döyüşən partiyadir.

Bağımsızlığın (istiqlaliyyətin) zərurəti:

Uzun tarixi dövrü əhatə edən dövlətçilik ənənəsinə malik Azərbaycan türklərinin İstiqlal düşüncəsi dövlət, təşkilat və hətta fərdi formada özünü göstərib. Hələ 200 il bundan öncə Məhəmməd Quluxan Əfşarın rəhbərliyi altında ilk modern orduya sahib olan bağımsız Azərbaycan Federasiyası yaranmış, 17 il hakimiyyətdən sonra Fətəli Şah tərəfindən nəzarətə alınaraq, Qacar imperatorluğuna tabe edilmişdir.

Məşrutə dövründə Təbriz əncüməni Tehrana göndərdiyi teleqramda təkid edirdi ki, əgər Məşrutə qəbul olunmasa Azərbaycan İrandan ayrılacaq.

Azərbaycanda Xiyabanının yaratdığı Azadistan ölkəsi dövründə “Yaşasın istiqlalımız” millətin ümumi şüarı olmuşdur.

1324-25 (1945-46) illər Milli Hökumətimiz dövründə ulu rəhbərimiz şəhid Pişəvəri deyirdi: “Biz əvvəl əyalət şurasını istəyirdik. Tehran rədd etdikdə bir addım önə qoyub və milli məclisimizi yaratdıq”. Bundan başqa şəhid Pişəvəri “İki yol ayrımı” adlı çıxışında deyir: “Əgər Tehran irticası bizim istəkləri qəbul etməzsə, o zaman biz Tehransız öz yolumuza davam edəcəyik”.

Dəyişik tarixi dövrləri əhatə edən bu tarixi gerçəkliklər Azərbaycan türkünün bağımsızlıq düşüncəsini açıqca ortaya qoyur. Buna baxmayaraq, milli hərəkatımızı təmsil edən rəhbərlərimiz Tehranla danışıqlara getmiş və hətta bəzi hallarda rəsmi anlaşmalar da imzalamışlar. Tehranın rəhbərlərimizə xəyanətkarlığı və verdiyi yalan vədlər millətimizin tam istiqlaliyyətə qovuşmasına mane oldu və azadlıq uğrunda aparılan hərəkatların qanda boğulması və minlərlə insanımızın qətli ilə sonuclandı.

1357-ci il (1979) inqilabında Ayətullah Şəriyətmədarinin rəhbərliyi ilə Xalq Müsəlman hərəkatı da milli haqlarımızı vilayət şuraları formasında istədiyi üçün qanda boğuldu.

Keçən 100 il ərzində, Məşrutə inqilabı (Qacar dövründə qanun və demokratiya uğrunda mübarizə), Cəngəl hökuməti (Qacar dövləti çərçivəsində ədalətsevərlik), Azadistan hökuməti (Qacar imperatorluğu çərçivəsində milli haqların istəyi), Azərbaycan milli hökuməti (İran çərçivəsində milli muxtariyyət) və bunlara bənzər İran çərçivəsində inqilablar məğlub olduğu kimi, 1357-ci il (1979) inqilabı da yenildi. Yenə də Azərbaycan millətinin istəkləri süngü, güllə, top, tank, işgəncə və zindanla qarşılaşaraq boğuldu. Məhəmmədrza şah rejimi, Azərbaycan milli dövlətini rəsmi tanıdığına baxmayaraq, arxadan xəncər vurdu. İran İslam Cumhuriyyətinin ana yasasında milli azadlıq, fərdi azadlıq, düşüncə azadlığı adına qanunlar inqilabın təsiri altında qeydə alınsa da, bu günədək həyata keçməyib və keçməyəcəkdir. Nə bu rejim, nə də başqa bir rejim bu haqları heç zaman verməyəcəklər. Çünki, İran totalitar rejiminin mahiyyətində demokratiya potensialı yoxdur. İran adı və onun coğrafi hüdudları qılınc, top, tank, zindan gücü ilə zülm altında yaşayan millətlərə təhmil olunub və bu millətlərin zindanına çevrilibdir.

Bir gün bu qılınc millətlərin boğazından qaldırılarsa, bu millətlər öz azadlıqları uğrunda üsyan edib təhmil edilən İran zindanından azad olacaqlar. Buna görə də heç vaxt “iran bütövlüyü” və ya “iran dövlətçiliyi” adına demokratiya verilməsinə ümid yoxdur. Əgər iran çərçivəsində hər hansı digər totalitar idarəetmə sistemi demokratiya və insan hüquq və azadlıqlarını konstitusiya və ya vədlərində qeyd etsə belə, o da İran islam rejiminin Əsas qanununda olduğu kimi kağız üzərində qalacaq və heç zaman həyata keçməyəcək.

Yuxarıda qeyd olunan səbəblərə əsasən, iran adlanan ölkədə millətlərin öz milli və insani haqlarını əldə etməyin tək yolu millətlərin istiqlalıdır. Biz, iran adı altında əsarətə məhkum olmuş millətlərin öz müqəddəratını təyin etməkləri üçün müstəqil dövlətlərinin yaranmasını yeganə yol bilirik və bu millətləri fars şovinizminə qarşı vahid cəbhədə birliyə dəvət edirik və onlara birlikdə fars şovinizmini yenildərək öz müstəqil dövlətlərimizi qurmağı təklif edirik. Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) məramı və məqsədi Güney Azərbaycanın istiqlalıdır.


Müddəalar :

1.Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) heç bir dövlət, məmləkət və gücə bağlı olmayan partiyadır.

2.GAİP təsis qrupu Güney Azərbaycan aktivistləri tərəfindən yaradılıb və Azərbaycan millətinin iradəsinə dayanaraq Güney Azərbaycanın istiqlaliyyəti uğrunda döyüşür .
3.GAİP -ın mərkəzi orqanı “ Bağımsız Güney Azərbaycan” adlanır.
4.GAİP-ın fəaliyyəti təkcə Güneylə məhdudlaşmır, dünyanın hər yerində Azərbaycanın milli mənafeyinin keşiyində dayanır.

5.Azərbaycanlıların milli vətəni Azərbaycandır. Bütün azad millətlərin övladları kimi biz də öz milli vətənimizin azadlığa və istiqlaliyyətə qovuşmasını istəyir və bu yolda mücadilə aparırıq.

6.İstiqlalçı olmaq və öz milli vətəninə istiqlal istəmək hər bir fərdin insani, mədəni və demokratik haqqıdır. Necə ki, liberal olmaq, feminist olmaq, islamçı olmaq, kominist olmaq və s. insanların demokratik haqlarıdır, istiqlalçı olmaq da hər bir şəxsin insanı haqqıdır. Bu haqq “söz azadlığı” və “öz müqəddəratını təyin etmə haqqı” kimi geniş demokratik prinsiplər əsasında anlaşılmalıdır.

7.GAİP, millətin iradəsini hər şeydən üstün tutur.

8.GAİP, sinfi fərq qoymadan, millətin bütün təbəqəsinin mənafeyini müdafiə edir.

9.GAİP, zaman, şərait və məkana uyğun olaraq açıq və ya gizli fəaliyyət göstərir.

10.GAİP-in mübarizə metodu, zaman və zərurətdən irəli gələn demokratik, diplomatik və ya inqilabi yollardır.

11.GAİP şah rejimi və İran islam respublikasını məhkum edərək, onların xəfiyyə idarələri ilə əməkdaşlıq edən şəxs ya qruplar ilə heç bir əməkdaşlıq etmir.

12.GAİP milli vicdan, milli əxlaq, siyasi-ictimai əxlaq və düzgünlüyə yüksək əhəmiyyət verir. Cinayət işləmiş, əxlaqsız və opportunist şəxs ya qruplarına öz sıralarında yer vermir.

13.GAİP Azərbaycan millətinin hüquqlarını müdafiə edən bütün sağlam şəxs və ya qrupları dəstəkləyir , onlarla əməkdaşlıq edir.

14.GAİP Qarabağı işğal edən erməni təcavüzkarlarını məhkum edir və Azərbaycan torpaqlarının müdafiəsini öz milli borcu hesab edir.

15.GAİP azərbaycanıların bir millət, iki siyasi status gerçəkliyini nəzərə alaraq Quzey Azərbaycan Cumhuriyyətini birinci və əbədi müttəfiqi bilir və dövlətçiliyini müdafiə edir.

16.GAİP görə Azərbaycanın birləşmə prosesi zamanın gedişi və millətin iradəsindən asılıdır.

17. Azərbaycan birləşdikdən sonra Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) adı dəyişdirilərək Bütöv Azərbaycan Istiqlal Partiyasına (BAİP) olacaq.

18.GAİP qonşu millətlərə hörmətlə yanaşır.

19.GAİP İran mərkəzçilik dövlətini heç bir ad və mahiyyətdə qəbul etmir.

20.GAİP fars şovinizminə qarşı insan hüquqları uğrunda döyüşən millət və təşkilatlarla əməkdaşlıq edir.

21.GAİP iran adı altında əsarətdə saxlanmış millətlərin mərkəzçi fars şovinist dövləti əleyhinə mübarizələrinə yardım etməklə, mübarizənin effektiv olması üçün həmin millətlərin mərkəzə qarşı öz istiqlal cəbhələrinin yaranmasını təklif edir.

22.Fars şovinizmi dedikdə fars milləti başa düşülməməlidir. Fars şovinizmi dedikdə İran mərkəzçi dövlət sistemini farsçılıq (İran = fars) əsasında idarə edən siyasət anlamına gəlir ki, bu siyasət iran adlanan siyasi – coğrafi ərazidə yaşayan qeyri - fars millətlərin milli varlıq və istiqlal hüququnu danmaq, dillərini yasaqlamaq, tarixlərini saxtalaşdıraraq “ali fars” irqçiliyini və fars dilini bu millətlərə təhmil etmək, onları əritmə siyasəti ilə farslaşdırmaq əsasında aparılır. Bu siyasi dövlətçilik sisteminə rəhbərlik edən və siyasəti tətbiq edən şəxs, qüvvə ya qrup hətta qeyri - fars olsa belə mahiyyətcə fars şovinizminin əlaltısı və qulluqçuları sayılır. Ona görə də GAİP fars millətinə hörmətlə yanaşır, lakin fars şovinizmi və onun əlaltılarına qarşı mübarizə aparı


Partiyanın məqsəd və vəzifələri :

GAİP1.GAİP Güney Azərbaycanın tarixi torpaqlarında öz bağımsız cumhuriyyətini qurmaq üçün döyüşür. GAİP keçid dövrunu öhdəsinə götürərək müvəqqəti hökuməti idarə edir və dövləti demokratik və azad seçki yolu ilə intiqal edir.

2.Güney Azərbaycan ərazisi dedikdə Azərbaycanın tarixi ərazisini təşkil edən indiki Ərdəbil Əyaləti , Şərqi Azərbaycan Əyaləti, Qərbi Azərbaycan Əyaləti , Zəngan Əyaləti, Qəzvin Əyaləti, Həmədan Əyaləti, Mərkəzi Əyaləti və Ənzəli, Astara bölgələri eləcədə Sonqur,Bicar,qurvə Şəhərləri  nəzərdə tutulur.

3.GAİP Güney Azərbaycanın tarixi faktlar əsasında coğrafi hüdudlarının tam müəyyənləşdirilməsi üçün qonşu millətlərlə elmi və sivil dialoqun tərəfdarıdır.

4.Güney Azərbaycan Cumhuriyyətinin hər bir vətəndaşı milliyətindən, dilindən, dinindən, cinsindən, tutduğu vəzifədən və əqidəsindən asılı olmayaraq bərabər hüquqludur.

5.Bağımsız Güney Azərbaycanın rəsmi dövlət dili Azərbaycan türkcəsidir.

6.Bağımsız Güney Azərbaycan Cumhuriyyətində yaşayan etnik azlıqlar Azərbaycan türkcəsindən əlavə öz ana dillərində təhsil almaq hüququna malikdirlər və bu azlıqların sayına görə onların milli inkişafı üçün büdcə ayrılması nəzərdə tutulacaqdır.

7.Geriçi (irticai) düşüncəyə malik şah rejimi və İran islam cumhuriyyətində qadınların hüquq və azadlıqları məhdudlaşdırılaraq kobud şəkildə pozulmuş, onlar ictimai-siyasi arenadan məhrum edilmişlər. Bu dəhşətli vəziyyyəti aradan qaldırmaq üçün bağımsız Azərbaycan məsulları qadınlarin hərtərəfli inkişafını təmin edə biləcək şərait yaratmaqla yanaşı, qadın - kişi bərabərliyini bütün sahələrdə təzmin edəcək.

8.Qadınların bütün sahələrdə, o cümlədən dövlət, idarə, ədliyyə, hərbi, elmi, siyasi , mədəni və b. sahələrdə heç bir maneçilik olmadan fəaliyyət göstərmələrinə şərait yaradılacaqdır.

9.Ədalətli iş qanununun hazırlanması və tətbiqi ilə işçinin, əkinçinin və yoxsul təbəqənin hüququ layiqincə qorunacaqdır.

10.İşsizlik probleminin həlli ilə yanaşı, işsizlərə işsizlik dövrü üçün maaş ödəniləcəkdir.

11.Güney Azərbaycan Cumhuriyyəti azad kapital iqtisadiyyatı sistemi ilə idarə olunacaq və sərmayənin təhlükəsizliyi təmin ediləcəkdir.

12.Yetim və kimsəsiz uşaqları himayə etmək məqsədilə yetimxanalar yaradıb, dövlət büdcəsindən ayrılan vəsait hesabına onlar üçün yaşayış və təhsil şəraiti yaradılacaqır.

13.Əlillər üçün xüsusi mərkəz, məktəb və yaşayış yerləri dövlət büdcəsindən ayrılan vəsait hesabına olacaq.

14.Yaşlılar üçün xüsusi yaşayış yerləri yaradılacaqdır.

15.Bütün xəstəxanalar dövlətin büdcəsindən maliyyələşəcək, vətəndaşın saglamlığının qorunması və tibbi yardımlar pulsuz təmin olunacaqdır.

16.Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bütün vətəndaşların pulsuz məcburi orta təhsil almaq hüququ təmin olunacaqdır.

17.Bağımsız Güney Azərbaycanda ölüm hökmü və işgəncə qəti qadağan olacaqdır.

18.Inanc və düşüncə azadlığı tam mənası ilə təmin ediləcək və siyasi dustaqlığa son qoyulacaqdır.

19.Azərbaycanın bütün təbii sərvətləri milli elan edilib, dövlətin nəzarəti ilə idarə olunacaqdır.

20.Hakimiyyət orqanları demokratik yollarla seçiləcəkdir.

21.GAİP nöqtei-nəzərindən Azərbaycan bağımsız cumhuriyyəti layik bir cumhuriyyət olmalıdır.

Müvəqqəti hökümət:
1.GAİP İran mərkəzi rejimini yenildib Güney Azərbaycanın tarixi sərhədləri çərçivəsində müvəqqət hökümət yaradacaqdır.
2.Müvəqqəti hökümət milli ordunu yaratmalıdir.
3.Müvəqqəti hökümətin hüquqşünas və mütəxəssislərdən ibarət məclisi Güney Azərbaycan Cumhuriyyətinin Ana Yasasını (Konstitusiya) üç aydan gec olmayaraq tənzimləməli və Ana Yasanın təsdiqi üçün ümumxalq referenduma qoymalıdır.
4.Ana Yasa (Konstitusiya) referendum yolu ilə təsdiq olandan üç ay sonra isə Prezident və Milli Məclis seçkiləri ümumxalq səsvermə yolu ilə demokratik şəraitdə keçirilməlidir.

5.Prezident və Milli Məclis birlikdə dövlət kabinetini təşkil etdikdən sonra Güney Azərbaycan İstiqlal Partiyası dövləti təhvil verməlidir.


Azərbaycandan kənarda yaşayan azərbaycanlılar haqqında:

1. Azərbaycanlıların yaşadıqları Tehran və onun ətraf ərazilərində müstəqil ikidilli (fars və türk dilli) cumhuriyyət olmalıdır.

2. Azərbaycandan kənarda (bugünki İranın başqa bölgələrində) yaşayan Azərbaycan türklərinin hüququnun təmin edilməsi üçün Güney Azərbaycan bağımsız Cumhuriyyəti əlaqədar dövlətlərlə diplomatik və iqtisadi əlaqələrini tənzimləyəcəkdir.

3. GAİP Qaşqay türklərinin muxtar dövlətləri olmasını tələb edir.

4. GAİP Türkmən cumhuriyyətinin yaradılmasının tərəfdarıdır.


Partiyaya üzvlük şərtləri:

1. Platformanı qəbul edən şəxslər bu partiyaya üyə olmaq üçün ərizələrini yazılı olaraq göndərə bilərlər.

1.1. Şah rejimi və İran İslam cumhuriyyətinin güc orqanları ilə əməkdaşlıq edən
şəxslər bu partiyaya üyə ola bilməzlər.

1.2. Cinayət işləmiş, əxlaqsız və opportunist şəxslər bu partiyaya üyə ola bilməzlər.

1.3. Başqa siyasi təşkilatlarda üzv olanlar yalnız o təşkilatlardan ayrilmaq şərtilə GAİP-
na üzv ola bilərlər.

2. Ərizədə ad, soyad, atasının adı, doğum yeri, doğum tarixi, şəkil və bioqrafiya qeyd olunmalıdır.

3. Təftiş Komitəsinin rəyi nəticəsində üyəlik qəbul və ya rədd oluna bilər.

4. Güney Azərbaycan İstiqlal Partiyası ancaq Güney azərbaycanlılardan üye qəbul edir.

4.1. Azərbaycanın torpaqlarından kənarda yaşayan Güney azərbaycanlılar dünyanın harasında yaşamaqlarından asılı olmayaraq GAİP - na üyə ola bilərlər.

4. 2. Güney Azərbaycandan olmayan azərbaycanlılar ancaq fəxri üyə ola bilərlər.

4. 3. Fəxri üyələrin səsvermə hüququ yoxdur.


Üzvlərin hüquqları:

1.Üyələr müzakirə, təklif və səsvermə vasitəsilə partiyada fəaliyyət göstərirlər.

2.Üyələrin hamısının seçib və seçilmək hüququ var.


Üzvlərin vəzifələri:

1.Üyəlik haqqı vermək.

2.Partiyanın istəklərini gərçəkləşdirmək üçün fəaliyyət göstərmək.

3.Partiyanın Nizamnamə və disiplininə tabe olmaq.

4.Verilən məsuliyyət və tapşırığı layiqcəsinə yerinə yetirmək.


Disiplin:

GAİP -nın Nizamnaməsini pozan üyələr disiplin komitəsi tərəfindən araşdırılır və barələrində qərar çıxardılır.

Disiplin komitəsinin qərarları, üzviyyətin müvəqqəti dondurulması və ya üzvün kənarlaşdırılmasından ibarətdir.

Qurultay:

1.Güney Azərbaycan İstiqlal Partiyasının ən yüksək qərarverici orqanı qurultaydır.

2.Qurultay üzvlərin və ya üzvlərin qurultay üçün seçdiyi nümayəndələrin 2/3 – nin iştirakı ilə rəsmiləşir.

3.Qurultayın qərarları iştirak edənlərin 2/3 – si lehinə (müsbət) səs verdikdə rəsmiləşir.

4.Qurultay 2 ildən bir çağrılır.

5.Ekstrimal vəziyyət yarandığı təqdirdə idarə heyətinin 2/3 – nin tələbi ilə fövqəladə qurultay çağrılır.


GAIP Mərkəzi şurasi tərəfindən:
05.12.2004.
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.">Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
www.gaip.org
www.gaip.biz
Tell: 001 416 910 8049

 

 

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP