GAİP XƏBƏR

TPL_GK_LANG_GK_MOBILE_DESKTOP TPL_GK_LANG_GK_MOBILE_REGISTER TPL_GK_LANG_GK_MOBILE_LOGIN

Güneydə soydaşlarımız İrana seçki sonrası yeni sanksiyalardan narahatdır

tttGAİP XƏBƏR:Bir həftə sonra İranda keçiriləcək prezident seçkiləri bu ölkəyə beynəlxalq diqqətin daha da artmasına səbəb olub. Proseslərin gedişi bu nəticəyə gəlməyə əsas verir ki, İranda ölkənin dini liderinə yaxın olan şəxsin hakimiyyətə gəlmə ehtimalı yüksəkdir. Bu isə İranda mühafizəkar siyasətin davam edəcəyini, ölkənin yenə beynəlxalq sanksiyaların əlində əsir qalacağını göstərir.

 

Belə vəziyyət isə İran əhalisini, o cümlədən güneyli soydaşlarımızı qane etmir. Baş verənlərə münasibət bildirən Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sözçüsü Saleh İldırım bildirir ki, bu, əslində prezident seçkisi deyil, prezident təyinatıdır. Saleh Ildırım “Amerikanın Səsi”nə müsahibəsində iyunun 14-də İranda keçiriləcək prezident seçkilərindən əlavə, soydaşlarımız və onların yaratdığı təşkilatların seçkilərlə bağlı mövqeyi haqda da maraqlı fikirlər səsləndirib. Milli fəalın sözlərinə görə, builki seçkilərlə keçmiş seçkilər arasında hakimiyyət içində çəkişmələrin daha çox ortaya çıxması kimi fərqlər olsa da, mahiyyət baxımından dəyişən ciddi bir şey yoxdur. O, İran İslam Respublikasının qurucularından olan Ayətulla Əkbər Haşimi Rəfsəncaninin namizədliyinin Nəzarət Şurası tərəfindən rədd edilməsinə toxunaraq qeyd edib: “İslam Respublikası daha öz qurucularına da güvənmir. Bizim milli sərmayələrimiz və mədənlərimizi söküb aparan, dilimizi yasaq edən İran dövlətini rəsmiyyətdə tanımadığımız kimi, o dövlətdə keçirilən seçkiləri də tanımırıq”. GAİP sözçüsü Güney Azərbaycan Milli Hərəkatının İranda keçirilən seçkilərlə bağlı mövqeyinin son zamanlarda sıx-sıx nümayiş etdirilən “Güney Azərbaycan İran deyil!” şüarı istiqamətində olduğunu qeyd edir: “Güney Azərbaycan İran deyilsə, demək İranda keçirilən seçkilər də rol almamalıdır. Ancaq qatılmamaq seçkilərin yaratdığı siyasi fəzadan istifadə etməmək anlamında deyil. Milli hərəkatın xəttini namizədlərin təbliğ etdiyi məkanlarda yaymaq zəruridir”.

Saleh Ildırım, həmçinin, Azərbaycan türklərinin səsini almaq üçün namizədlərin seçkilər ərəfəsində milli hüquqlarla bağlı verdiyi vədlər haqda fikirlərini irəli sürüb: “Keçən dövrdə namizədlərin verdiyi yalan vədlər də xalqlar arasında öz hüquqları ilə bağlı biliyi artırdı. Buna görə rejim bu ilk seçkilərdə bunun qarşısını almağa başladı. Hətta namizədlərdən biri Təbrizə səfərində deyib ki, siz evdə ana dilinizdə danışın. Cənab Ildırım bununla Fars dili və Ədəbiyyatı Akademiyasının sədri və prezident namizədi Qulaməli Həddad Adilin Təbrizdə azərbaycanlı tələbələrə verdiyi tövsiyəyə işarə edib.

Bir daha xatırladaq ki, iyunun 14-də prezident seçkiləri ilə bərabər İranda şəhər və kənd şuralarına da seçkilər keçiriləcək. Siyasi ekpertlərin fikrincə, İran İslam Respublikası bu yolla xalqın seçkilərdə iştirakının səviyyəsini yüksək göstərmək və onun legitimliyini artırmaq istəyir. Lakin o da məlum olub ki, prezident seçkilərini işıqlandırmaq istəyən xarici jurnalistlər daha ciddi məhdudiyyətlərlə qarşılaşa bilər. Mədəniyyət naziri Məhəmməd Hüseyni əlavə məhdudiyyətlər tətbiq edilməsinə çalışır. Nazir mümkün tədbirlərin nədən ibarət olacağı haqda detallara varmayıb, lakin 2009-cu ildə İsrail jurnalistinin Avropa xəbər agentlikləri üçün Tehrandan məlumat verməsindən sonra buna ehtiyac olduğunu bildirib.

Mədəniyyət Nazirliyi bildirib ki, iyunun 14-də prezident seçkilərini işıqlandırmaq üçün 200 xarici jurnalist müraciət edib. Nazirlik təsdiq edilmiş müraciətlərin sayını açıqlamayıb.

İranda 120 xarici media agenliyinin nümayəndəsi fəaliyyət göstərir. İran hökuməti 2009-cu ildə prezident seçkilərindən sonra iğtişaşlar və etiraz nümayişləri zamanı ölkəyə xarici jurnalistlərin gəlişinə məhdiyyətlər qoymuşdu.

İran İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamneyi isə xalqı seçkilərdə fəal olmağa çağırırır. Onun sözlərinə görə, qarşıdakı seçkilərdə hər bir səs İslam Respublikasına dəstəkdir. Xamneyi bildirib ki, İran xalqı seçkilərdə yüksək seçici fəallığı göstərməklə öz düşmənlərinə tutarlı cavab verəcək.

O həmçinin vurğulayıb ki, xalqın seçkilərdə iştirakı onun İslam Respublikasına olan əminliyini sübut edir. Lakin bu əminlik İranı yenə beynəlxalq sanksiyaların caynağından xilas etmir. baki-xeber

Share

Güney Azərbaycan İstiqlal Partiyası -حزب استقلال آذربایجان جنوبی- South Azerbaijani Independence Party (GAİP,گايپ SAİP, 2004© )

TPL_GK_LANG_MOBILE_TOP TPL_GK_LANG_MOBILE_SWITCH_DESKTOP