BİZ HEÇ KİMİN KUKLASI DEYİLİK!

Son dövrlərdə Güney Azərbaycan Milli Hərəkatının beynəlxalq münasibətlərə yanaşması ətrafında müxtəlif fikirlər səsləndirilir.

BİZ HEÇ KİMİN KUKLASI DEYİLİK!

Son dövrlərdə Güney Azərbaycan Milli Hərəkatının beynəlxalq münasibətlərə yanaşması ətrafında müxtəlif fikirlər səsləndirilir. Bəzən bu fikirlər o qədər fərqli istiqamətlərə yönəlir ki, əsas məqsədimiz arxa plana keçir. Halbuki bizim müzakirə etməli olduğumuz məsələ hansısa dövlətə münasibətimizdən daha böyükdür: Güney Azərbaycan türklərinin milli maraqları və gələcəyi.

Milli mübarizə aparan bir hərəkat beynəlxalq proseslərdən kənarda qala bilməz. Dünyada baş verən siyasi dəyişiklikləri izləmək, dövlətlərarası münasibətləri düzgün təhlil etmək və ortaq maraqların olduğu tərəflərlə əməkdaşlıq imkanları axtarmaq siyasi mübarizənin təbii hissəsidir. Diplomatiya düşmənçilik üzərində deyil, maraqların düzgün müəyyənləşdirilməsi üzərində qurulur.

Ancaq burada çox mühüm bir sərhəd var: əməkdaşlıq etmək başqa şeydir, kiminsə siyasi xəttinin ardınca getmək başqa.

Biz hər hansı dövlətin siyasətini bütövlükdə qəbul etməyə, onun bütün qərarlarını müdafiə etməyə və ya öz milli mövqeyimizi başqalarının maraqlarına uyğunlaşdırmağa məcbur deyilik. Eyni zamanda, hansısa dövlətlə ortaq maraqlarımızın olması da həmin dövlətin bütün siyasətini dəstəklədiyimiz anlamına gəlmir.

Milli hərəkatın siyasi mövqeyi hadisələrə emosional münasibətlə deyil, milli maraqların soyuqqanlı təhlili ilə müəyyən edilməlidir. Bu gün ortaq maraqlarımızın olduğu bir tərəflə əməkdaşlıq edə bilərik, sabah isə həmin tərəfin hansısa qərarına qarşı öz mövqeyimizi ortaya qoya bilərik. Çünki bizim əsas meyarımız başqalarının istəyi deyil, xalqımızın milli mənafeyidir.

Bəzən beynəlxalq əməkdaşlığı tənqid edənlər bunu prinsipiallıq kimi təqdim edirlər. Halbuki beynəlxalq münasibətlərdə təcrid olunmaq prinsipiallıq deyil. Dünyanın siyasi reallıqlarını görməmək, mövcud imkanlardan istifadə etməmək və milli mübarizəni yalnız öz daxilimizdəki müzakirələrlə məhdudlaşdırmaq bizi məqsədimizə yaxınlaşdırmaz.

Digər tərəfdən, beynəlxalq əməkdaşlıq adı altında hər hansı dövlətin təbliğatına çevrilmək də qəbuledilməzdir. Bizim nə kor-koranə tərəfdarlığa, nə də kor-koranə düşmənçiliyə ehtiyacımız var. Bizə lazım olan müstəqil düşüncə, milli siyasi iradə və düzgün diplomatik strategiyadır.

Güney Azərbaycan Milli Hərəkatının gücü onun öz xalqına söykənməsində, milli məqsədlərini aydın müəyyənləşdirməsində və bu məqsədlər uğrunda müstəqil qərar verə bilməsindədir. Heç bir beynəlxalq tərəfdaş bizim milli iradəmizin yerini tuta bilməz. Heç bir dövlətin marağı Güney Azərbaycan türklərinin milli gələcəyindən üstün ola bilməz.

Biz heç bir dövlətin siyasi uzantısı deyilik. Nə Vaşinqtonun, nə Təl-Əvivin, nə də Tehranın kuklasıyıq. Bizim öz davamız, öz xalqımız və öz milli iradəmiz var. Dostlarımızla əməkdaşlıq edə, ortaq maraqlar əsasında beynəlxalq münasibətlər qura bilərik. Ancaq siyasi pusulamızı heç kimin əlinə verə bilmərik. Çünki bizim mübarizəmiz hansısa dövlətin qalib gəlməsi və ya başqa bir dövlətin məğlub olması üçün deyil, Güney Azərbaycan türklərinin azad, ləyaqətli və öz müqəddəratını təyin edə bilən bir gələcəyə qovuşması üçündür.

Araz Həsənoğlu
GAİP Rəhbərlik Şurasının üzvü

Exit mobile version