Stokholmda 21 Azərin 80-ci ildönümünə həsr olunmuş konfransda Güney Azərbaycan İstiqlal Partiyasının bəyanatı oxundu.
Güney Azərbaycan Milli Hökumətinin quruluşunun 80-ci ildönümü münasibətilə 2025-ci il 13 dekabr tarixində İsveçin Stokholm şəhərində keçirilən “Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası”nın platforma təqdimat konfransı çərçivəsində, Güney Azərbaycan İstiqlal Partiyasının Rəhbərlik Şurasının üzvü sayın Haray Fəthipur çıxış edərək partiyanın rəsmi bəyanatını oxumuşdur.
Hörmətli təşkilat mənsubları,
Dəyərli qonaqlar, Xanımlar və Cənablar:
Güney Azərbaycan İstiqlal Partisi adına hamınıza xoş gəldiniz deyib salamlayırıq.
Bu gün milli hökumətimizin quruluşunun 80 illiyi tariximizdə çox əhəmiyyətli gündür.
Bu gün müasir dövlətçilik günü, istiqlaliyyətə gedən yolun başlanğıcı, Güney Azərbaycanın şanlı tarixinin ən parlaq günü — Azadlıq günü və qurtuluş günüdür.
Güney Azərbaycan İstiqlal Partisi adına
21 Azərin 80 illiyi münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik.
Xalqımızın himayəsi ilə yenə də Güney Azərbaycanı İran işğalından azad edib öz müstəqil dövlətimizi quracağımıza qətiyyən əminik.
Bu önəmli gündə Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının tanıtım konfransı və platforma təqdimatı böyük əhəmiyyət daşıyır.
Bu tarixi günün yeni bir dönəmin başlanğıcı olmasını və təşkilatlarımızın daha da yaxın, daha geniş və daha güclü əməkdaşlığına vəsilə olmasını səmimi qəlbdən diləyir və bu yolda üzərimizə düşəni tam gücümüzlə etməyə hazır olduğumuzu elan edirik.
Dünyada gedən siyasi proseslər, özəlliklə də bölgəmizdə baş verən hadisələrə nəzərə aldıqda birliyimizin nə qədər əhəmiyyətli olduğunun hər kəsə aydın olduğuna inanırıq.
Bütün beynəlxalq himayəyə rəğmən İran işğal rejiminə qarşı sözdə alternativ adlanan qüvvələrin heç bir uğur əldə edə bilməməsinin və İran rejiminin hələ də hakimiyyətdə davam etməsinin səbəbi əsas təsir edici qüvvələrin — yəni başda Azərbaycan olmaqla qeyri-fars millətlərin dəyişmə gücünü, bu millətlərin milli haqlarını göz ardı edərək hesaba qatmaması olmuş və İran oppozisiyasının məğlub olmasına və rejimin davamına səbəb olmuşdur.
Güney Azərbaycan İstiqlal Partisi bu gün buradan bütün dünyaya səslənir ki, İran adlanan yerdə çevriliş və dəyişim yalnızca Azərbaycan xalqının başqa fars olmayan xalqlarla birliyi nəticəsində mümkündür.
Çünki bu xalqlar heç bir şəkildə İran mərkəzçi rejimi altında yaşamaq istəmir və yeni bir mərkəzləşmiş İran hakimiyyətinə yol verməyəcəklər.
Məhz bu üzdən İran İslam Cümhuriyyətindən keçid mərhələsinə ən doğru alternativ İran işğalı altında yaşayan qeyri-fars millətlərdir. Biz digər xalqlarla birlikdə bu dönəmə rəhbərlik etməyə hazır və qadirik.
Bu vəsilə ilə İran işğalı altında yaşayan bütün millətləri GATƏŞ-in sunduğu bu platforma ətrafında birləşərək İran işğal rejimindən milli dövlətlərimizin təşkilinə keçidə dəvət edirik.
Güney Azərbaycan xalqının himayəsinə dayanaraq elan edirik ki, İran işğal rejimini devirib öz demokratik, sekulyar dövlətimizi quraraq İran mərkəzli bir dövlət oluşturulmasına əsla və əsla imkan verməyəcəyik.
Var olsun İran–Fars rejiminə qarşı xalqların birliyi!
Yaşasın müstəqil Güney Azərbaycan!
Rəd olsun işğalçı İran!
Güney Azərbaycan İstiqlal Partisi
13 Dekabr 2025
